Uşaqlar üçün Yeni il şənliyi təşkil olunub
29 dekabr 2025 | 12:21
Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil və Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi övladları, eləcə də məktəbli uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, Quba-Xaçmaz Regional Təhsil və Mədəniyyət idarələrinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini səsləndirib, xoş arzularını çatdırıblar. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində Vətənimiz tam suverenliyinə qovuşub. Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın bizə əmanət etdikləri övladlar və onların ailə üzvləri qüdrətli dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunur.
Yeni il şənliyində Şaxta Baba və Qar qız, eləcə də sevimli nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar nümayiş etdirilib. Şən mahnı və rəqslər balacalarda xoş təəssüratlar yaradıb.
Sonda Şaxta Baba uşaqları bayram hədiyyələri ilə sevindirib.






