Xaçmaz Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
30 iyun 2026 | 12:17
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və hesabat dövründə vəfat edən ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin ağsaqqallara və milli-mənəvi dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşdığını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yaşlı nəslə göstərilən qayğının daim diqqət mərkəzində olduğunu qeyd edib. İcra başçısı ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı xidmətlərini yüksək qiymətləndirərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əvəzsiz rolundan danışıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev yerlərdə keçirilən ağsaqqallar şuralarının hesabat-seçki konfranslarının əhəmiyyətindən danışıb, ağsaqqalların fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov və digər çıxış edənlər ötən müddət ərzində ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı fəal rolundan bəhs ediblər.
Konfransın yekununda Xaçmaz Rayon Ağsaqqallar Şurasının yeni tərkibi müəyyənləşdirilib. Keçirilən səsvermənin nəticələrinə əsasən, Məhərrəm Abasov yenidən Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Tədbirin sonunda uzun illər rayonun ictimai həyatında fəal iştirakına və ağsaqqallıq ənənələrinin qorunub yaşadılmasındakı xidmətlərinə görə Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasova “Fəxri Ağsaqqal” döş nişanı təqdim edilib.






