Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qaradağ Buduq kəndində sakinlərlə görüşüb.
12 may 2022 | 15:35
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd və qəsəbələrdə səyyar qəbullarını davam etdirir. Növbəti səyyar qəbul Qaradağ Buduq kəndində keçirilib. Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsinə daxil olan Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib. Müraciətlər kəndlərarası yolun təmiri, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, yeni bağça binasının inşası, məktəblərin təmiri və digər sosial məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların təşəbbüsü ilə Hülövlü kəndi ərazisində qədim bulaq kompleksinin mövcud vəziyyəti ilə tanış olub.
İcra başçısı yerdən qaynama üsülü ilə çıxan suyun tərkibinin müəyənləşdirilməsi və bundan sonra bulaq kompleksinin təmir edilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.