Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vüqar Kərəmovu mükafatlandırıb
23 sentyabr 2026 | 09:28
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yaponiyada keçirilən “Super RIZIN.5” turnirində rəqibinə qalib gələn xaçmazlı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Vüqar Kərəmovla görüşüb.
Görüş zamanı rayon rəhbəri idmançını qazandığı qələbə münasibətilə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb. Vüqar Kərəmovun ölkəmizi beynəlxalq arenada təmsil etməsi xüsusi vurğulanıb. İdmançı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və ona xatirə hədiyyəsi təqdim olunub.
Vüqar Kərəmov göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, gələcək yarışlarda da Azərbaycanı və Xaçmazı layiqincə təmsil etmək üçün səylərini davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Vüqar Kərəmov “Super RIZIN.5” turnirində 66 kiloqram çəki dərəcəsində yaponiyalı Ryo Takagi üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.






