Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
26 aprel 2022 | 14:51
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Həmçinin icra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
Çıxış edənlər Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndiriblər. Müqəddəs Ramazan ayında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyiblər.
Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.