Xaçmaz rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb. Elnur Rzayev son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Səhiyyənin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi vurğulanıb. Dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin və qayğının nəticəsi olduğunu söyləyib.
Yığıncaqda çıxış edən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 236 çarpayılıq xəstəxananın, habelə 24 həkim məntəqəsinin və 35 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 167 nəfər həkimin, 1348 nəfər tibb işçisinin çalışdığını bildirib.
Xaçmaz rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev ölkəmizdə, eləcədə rayonumuzda koronavirusla mübarizədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışıb. Qeyd edib ki, mərkəzin əməkdaşları nəzərdə tutulan tədbirləri ardıcıl şəkildə davam etdirib. Tibbi personalın səyi nəticəsində yoluxma sayında ciddi azalmalar müşahidə olunub.
Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisi Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxr fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.