Xaçmaz rayonunda “18 oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr olunan “Tarix yazan əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova qeyd edib ki, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk Respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycana qayıdışı, müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını aldı. Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu ilin sentyabr ayının 19-da Qarabağda aparılan uğurlu antiterror tədbirlərindən sonra ölkəmizin müstəqilliyi daha da güclənib. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda film nümayiş olunub.