Xaçmaz rayonunda 28 May - Müstəqillik Günü qeyd edilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş “Müstəqqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
26 may 2023 | 14:45
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin regionlara səfərlərini özündə əks etdirən fotostendlərlə tanış olublar.
Rəsmi hissədə Dövlət Himni səsləndirilib, Ümumilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova müstəqillik tariximizlə bağlı məlumat verib. Qeyd edib ki, Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrdən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirib.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi həyata keçirilən inkişaf strategiyası 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə yol açıb. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.
Tədbirdə müstəqillik günü ilə bağlı videoçarx nümayiş etdirilib, konsert proqramı təqdim olunub. Müstəqilliyimizə, Vətənimizə, üçrəngli bayrağımıza həsr olunmuş ifalar iştirakçılarda əsl bayram ab-havası yaradıb.