Xaçmaz rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
04 oktyabr 2024 | 10:38
Xaçmaz rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda görülən işlərdən ətraflı danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz rayonunda da müasir standartlara uyğun yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri, təqaüdçü müəllim Məhərrəm Abasov, Hacıisaoba kənd ibtidai məktəbinin müəllimi, şəhid anası Bibixanın Mirzəmədova, Xaçmaz rayon Təhsil İşçiləri Həmkarlar Təşkilatının sədri Yaşar Abasov, Arzu kənd tam orta məktəbinin direktoru, Vətən Müharibəsi iştirakçısı Vüqar Həbibov və Çiləgir kənd tam orta məktəbinin müəllimi Vüsalə Yusifli çıxış edərək ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub. Həmçinin 70 illik yubileyini qeyd edən şəhid anası, təqaüdçü müəllim Timziyyə Məmmədova və şəhid anası Bibixanın Mirzəmədovaya xatirə hədiyyələri verilib.
Sonda Azərbaycan təhsilinə həsr olunan videoçarx nümayiş etdirilib.