Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

07 mart 2025 | 16:49
Xaçmaz rayonunda şəhid analarının və həyat yoldaşlarının eləcədə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal qadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı azad etdilər. Hazırda Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
"Ulduzlar" ədəbi məclisinin sədri, şair Fərzalı Həsənov, şəhid anası Hicran Məlikməmmədova və digər çıxış edənlər Azərbaycan qadınlarının tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.
Qadınlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub, eləcə də şəhid analarına və bütün xanımlara hədiyyələr, gül cələngləri təqdim edilib.
Sonda yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı təqdim olunub. Bir-birindən maraqlı ifalar iştirakçılarda xoş ovqat yaradıb.
Keçidlər