Xaçmaz rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib
07 noyabr 2023 | 15:18
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdiriblər.
Məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm əsərləri və əl işləri ilə tanış olublar.
Rəsmi hissədə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev və 44 günlük Zəfər yolu” filmi nümayiş olunub.
Konfransda geniş məruzə ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. İndi Xankəndi şəhərində Bayrağımız əbədi olaraq qürurla dalğalanır.
Milli Məclisin Deputatı Sevil Mikayılova milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin tarixi əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər Ümummilli Liderimizin şah əsəri olan müasir müstəqil Azərbaycanın dünəninə və bu gününə nəzər yetiriblər. Əminliklə qeyd olunub ki, əldə olunan uğurlar böyük səylərin, qətiyyətin, ən əsası, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qurulan möhkəm təmələ əsaslanır.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda nümayiş etdirilən “Qarabağ Azərbaycandır” videoçarxı iştirakçılar tərəfindən maraqla izlənilib