Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

15 mart 2023 | 11:36
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib.
Festivalda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı Nazilriyinin Aparat rəhbəri Rəfail Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkətin nümayəndələri iştirak edib.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev və digər natiqlər festivalın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xaçmaz rayonunda aqrar sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq regionlarda festivallar təşkil olunur və yerli fermerlər bu imkandan səmərəli şəkildə yararlanırlar.
Festival zamanı innovativ texnologiya və məhsulların nümayişi ilə yanaşı, startap zona, təlim və məlumat sessiyaları təşkil olunub.
Tədbirdə bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb.
Həmçinin festivalda bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib.
Festival zamanı Aqrar Təlim Mərkəzi tərəfindən “Superintensiv fındıq bağlarının salınması”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Gilas bitkisinin zərərvercilərinə xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri” və ölkədə müasir suvarma sistemləri sahəsində xidmət göstərən şirkət tərəfindən “Pivot suvarma sistemi” mövzularında maarifləndirilmə işləri həyata keçirilib.
Festivalda Quba-Xaçmaz və ətraf bögələrin fermerləri tərəfindən maraqla qarşılanıb.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətini həyata keçirmək və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.
Keçidlər