Xaçmaz rayonunda əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinləri üçün təşkil olunan aktiv məşğulluq tədbirində 41 müəssisə iştirak edib. İşsiz və işaxtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 800-ə yaxın vakant iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq müxtəlif sahələri əhatə edib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əmək yarmarkasının əhəmiyyətini yüksək qiymətləndirib. Rayonda əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, yeni emal və istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, ən əsası əhalinin işlə təminatı daim diqqət mərkəzində saxlanılır.
Milli Məclisin deputatı Sevil Mikayılova əhalinin işlə təmin olunmasında belə məşğulluq tədbirləinin mühüm rol oynadığını bildirib.
Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev qurumun fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verib.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova işsiz və işaxtaran vətəndaşlarla eləcədə vakansiya təqdim edən dövlət və özəl müəssisələrin nümayəndələri söhbət edib, təqdim olunan iş yerlərinin əmək haqqları ilə maraqlanıblar. Məlumat verilib ki, yaramarkaya çıxarılan vakansiyalarda əmək haqqları minimum 300 manat, maksimum 1500 manat təşkil edir.
Yarmarkada bağban peşə hazırlığı kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub.
Bununla yanaşı, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Vətəndaşlar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.