Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məlumatlandırıcı bukletlər paylanılıb
08 sentyabr 2026 | 15:53
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz Peşə Təhsil Mərkəzinin istedadlı tələbələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun zəngin irsini əks etdirən xüsusi məlumatlandırıcı bukletlər hazırlanaraq paylanılıb.
Bukletlərdə rayonun demoqrafik göstəriciləri, əhalisi, əsas sosial-iqtisadi göstəriciləri, Xaçmazın qədim tarixi, zəngin mədəni irsi və tarixi abidələri, eləcə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun müasir siması və son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumatlar öz əksini tapıb.
Bu layihə Xaçmaz rayonunun tanıdılmasına və təbliğinə töhfə verməklə yanaşı, gənclərin praktiki bacarıqlarının və yaradıcı potensialının nümayiş etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.






