Xaçmaz rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
31 avqust 2026 | 18:18
Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən və təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs edib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev regionda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin icra vəziyyətindən danışıb.
Şəhid anası Bibixanım Mirzəmmədova çıxışında müəllim peşəsinin şərəfli və məsuliyyətli olduğunu vurğulayaraq təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun müdiri Mövsüm Həmdullayev hesabat məruzəsi ilə çıxış edərək 2025–2026-cı tədris ilində görülən işlər haqqında ətraflı məlumat verib, növbəti tədris ilində təhsil işçiləri qarşısında duran əsas hədəfləri diqqətə çatdırıb.
Konfrans ayrı-ayrı fənlər üzrə panel müzakirələri ilə davam edib.






