Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
17 iyun 2023 | 16:12
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb.
Elnur Rzayev son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Səhiyyənin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi vurğulanıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 236 çarpayılıq xəstəxananın, habelə 24 həkim məntəqəsinin və 35 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 165 nəfər həkimin, 1338 nəfər tibb işçisinin çalışdığını bildirib.
Xaçmaz rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev rayonda epidemioloji vəziyyətin sabit saxlanılması istiqamətində həyata keçirlən tədbirlər barədə məlumat verib.
Tibb işçiləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda bir qrup qabaqcıl tibb işçisi Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxr fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.