Xaçmaz rayonunda veloyürüş keçirilib
03 iyun 2024 | 18:16
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 3 iyun - Ümumdünya Velosiped Günü ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, yerli Gənclər və İdman eləcədə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində veloyürüş keçirilib.
Veloyürüşün iştirakçıları Xaçmaz Heydər Əliyev Mərkəzindən başlayaraq şəhər mərkəzinin bir neçə prospekt və küçələrindən keçməklə nəzərdə tutulan finiş nöqtəsinə çatıblar. Velosipedçiləri hərəkət boyu Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardım briqadası müşayət edib. Veloyürüş yerli sakinlər tərəfindən çoşqu ilə qarşılanıb.
Yarış başa çatdıqdan sonra iştirakçılar qarşısında çıxış edən təşkilatçılar veloyürüşün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, veloyürüşdə 55 nəfər həvəskar velosipedçi iştirak edib. Tədbirin keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə vermək və ekologiyanın qorunmasını təbliğ etməkdən ibarətdir.