Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib

14 may 2022 | 15:36
 
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Festivalda kənd təsərrüfatı naziri İnam Kərimov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Festivalın keçirilməsində məqsəd fermerlərə dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Nazir İnam Kərimov kənd təsərrüfatı texnikaları və ehtiyat hissələri, yerli istehsal toxumlar, ting, gübrə və kənd təsərrüfatı məhsullarının sərgiləndiyi stendlərə baş çəkib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, festival çərçivəsində kənd təsərrüfatı texnikalarının sərgi-satış yarmarkası keçirilib. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması, gübrələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Tədbirdə həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin təqdimatı, milli kulinariya nümunələri təqdim edilib, yeni növ “Bahar” çörəyinin, “Paytaxt” və “Xaçmaz” brendlərinin təqdimatı keçirilib, mədəni-etnoqrafik tədbirlər təşkil olunub.
Keçidlər