Xaçmaz rayonunda yeni quşçuluq fabriki tikilir
26 aprel 2023 | 12:03
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xaçmaz rayonunda əhalinin məşğulluğunun təmin olunması və yeni iş yerlərinin açılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Çarxı kəndində inşa olunan və investisiya qoyuluşu 10 milyon manata yaxın “Aztoyuq” Məhdud Məsuliyyətli Cəmiyyətin quşçuluq fabrikidə bu istiqamətdə nəzərdə tutulan növbəti layihələrdən biridir.
Fabrikdə hər biri 2160 kv.m olmaqla ümumilikdə 20 ədəd quş saxlama damları inşa edilir. Fabrikin illik istehsal gücü yem üçün 14 min ton, quş əti üçün 6600 ton nəzərdə tutulub. Kəsim kompleksi saatda 2.500-3.000 baş quşun kəsilərək emal olunmasına imkan yaradacaqdır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inşası davam edən quşçuluq fabrikində işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, burada ilkin mərhələdə 240 nəfər işlə təmin olunacaq. Sex və sahələr genişləndirildikdən sonra işçilərin də sayı artırılacaq.
Qeyd edək ki, “Aztoyuq” Məhdud Məsuliyyətli Cəmiyyətin quşçuluq fabrikinin tikintisi üçün Çarxı kəndi ərazisində 40 hektara yaxın torpaq sahəsi ayrılıb. Kompleks 2024-cü ilin əvvəlində fəaliyətə başlayacaq.