Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Zəfər parkında birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz böyük təntənə ilə qeyd edilib

14 mart 2023 | 11:34
Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
El şənliyində əvvəlcə Novruzun ən gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb.
Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri, uşaq bağçalarının körpə fidanları rəngarəng mahnılar və rəqslər ifa ediblər.
Mərasimdə, həmçinin Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib.
İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri sakinlərə xoş ovqat bəxş edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə yaşadıqlarını diqqətə çatdırıb.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib.
Keçidlər