Xaçmazda 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
Xaçmaz rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Tədbirdə bu il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər, bir qrup qabaqcıl təhsil işçisi və şəhid Sərxan Mirzəmmədovun anası - hazırda Hacıisaoba kənd ibtidai məktəbində pedaqoji fəaliyyətini davam etdirən Bibixanım Mirzəmmədova iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təhsil işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsinə xüsusi önəm verir.
Ölkəmizdə bacarıqlı pedaqoji kadrların hazırlığına diqqətin artırıldığını qeyd edən Elnur Rzayev Heydər Əliyev Fondu tərəfindən də təhsilin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndirib. Xaçmaz rayonunda da yeni məktəb binalarının inşası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Təhsil işçiləri ölkəmizdə çətin və şərəfli peşə olan müəllim əməyinə verilən qiymətdən danışıblar. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda bir qrup müəllim, eləcə də şəhid Sərxan Mirzəmmədovun anası Bibixanım Mirzəmmədova Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.