Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

08 iyul 2026 | 15:20
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Xaçmaz rayonunda maarifləndirmə tədbiri keçirilib.
Xaçmaz Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, bələdiyyə sədrləri, “Aqroservis” ASC-nin nümayəndələri, polis əməkdaşları, sahibkarlar və fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, xüsusilə dənli və texniki bitkilərin biçini, daşınması, saxlanması və emalı zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, yay mövsümündə quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməməsi açıq sahələrdə yanğın riskini artırır. Bu səbəbdən aidiyyəti qurumlar, yerli idarəetmə orqanları, torpaq mülkiyyətçiləri və fermerlər tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
Maarifləndirmə tədbiri zamanı dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb, kənd təsərrüfatı texnikalarından istifadə zamanı təhlükəsizlik tələblərinə əməl olunması, sahələrdə ilkin yanğınsöndürmə vasitələrinin saxlanılması, biçilmiş sahələrdə və yolkənarı ərazilərdə təhlükəsizlik zolaqlarının yaradılması ilə bağlı tövsiyələr verilib.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra taxıl biçini aparılan sahədə xüsusi texnikaların iştirakı ilə meşəətrafı və yolkənarı ərazilərdə 6-8 metr enində şumlanma aparılaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.
Keçidlər