Xaçmazda futbol üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xaçmaz rayonunda keçirilən futbol üzrə rayon turniri başa çatıb. Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi turnirdə müxtəlif bələdiyyələri təmsil edən 20 komanda mübarizə aparıb.
Final qarşılaşmasında Qıraqlı və Qımıl bələdiyyələrinin komandaları üz-üzə gəlib. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə final qarşılaşmasını izləyib. Yekun nəticələrə əsasən, Qımıl bələdiyyəsinin komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Qıraqlı və Ləcət kəndlərinin təmsilçiləri tutublar.
Oyundan sonra qaliblərin təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Qaliblər Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatı ilə təltif edilib.