Xaçmazda şəhid övladları üçün bayram şənliyi təşkil olunub.
Xaçmaz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Zəfər parkında təşkil edilən bayram şənliyində şəhidlərimizin övladları, uşaq bağçalarında tərbiyə alan balaca fidanlar və ibtidai sinif şagirdləri iştirak edib.
Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı Elnur Rzayev Zəfər parkını gəzərək uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb. Rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından gələn balacalar bir-birindən maraqlı səhnələrlə diqqət mərkəzində olublar. Məzmunlu şeirlər və xorla ifa edilən mahnılar iştirakçılarda xoş ovqat yaradıb.
İdmançıların nümünəvi çıxışları, məktəblilərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri sakinlər tərəfindən maraqla izlənilib.
Şəhid anaları uşaqların inkişafı istqiamətində Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüsləri, görülən işləri yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.
Tədbirdə şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin qiymətli xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda müxtəlif idman yarışlarında və müsabiqələrdə qalib olan uşaqlar fəxri fərmanla mükafatlandırılıb.
Bayram şənliyi Zəfər parkında gəzinti, maraqlı konsert proqramı ilə davam etdirilib. Bayramla əlaqədər olaraq Zəfər parkında olan bütün atraksionlar gün ərzində ödənişsiz xidmət göstərib.