Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub
15 iyun Milli Qurtuluş Günü ərəfəsində Xaçmaz rayonunun Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı təmirdən sonra açılışı olub.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Xudat şəhərinin və ətraf kəndlərin sakinləri iştirak ediblər.
Ümumi sahəsi 2 hektaradək olan parkda əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılıb. Parkda dahi şairimiz Nizami Gəncəvinin heykəli ucaldılıb, ətrafı milli memarlıq üslubunda abadlaşdırılıb. Görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm “Kitab abidəsi” yaradılıb. 2500 kvadratmetr əraziyə tamet döşənib, yaşıllıqlar və gül kolları salınıb. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün atraksionlar da qoyulub.
Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Rayonda park və xiyabanların yenidən qurulması, yaşıllıqların salınması istiqamətində görülən işlərdən danışıb. Xudat şəhərində dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı şəkildə təmir olunmasını görkəmli şəxsiyyətlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib. Rayonun müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən belə layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının üzvü Müzafəddin Rzayev, şəhid anası Validə Məmmədova, son illər Xaçmaz rayonunda həyata keçirilən geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıblar. Parkın abadlaşdırılmasına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində dahi şairimiz Nizami Gəncəvinin şerləri səsləndirilib, kompozisiyalar nümayiş etdirilib. Musiqi kollektivləri xalq mahnıları və rəqs nümunələri ilə çıxış ediblər.