Xudat şəhərində sakinlərin müraciəti dinlənilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu Xudat şəhərində keçirib. Qəbulda Xudat İnzibati Ərazi Dairəsinə daxil olan Xudat şəhəri və Şollar qəsəbəsinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Müraciətlər işlə təmin olunma, işıq, qaz, su, məktəb təmiri, rabitə, internet və digər sosial sahələri əhatə edib.
Müraciətləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Xudat şəhər sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.