Yanğın təhlükəsizliyi mövzusunda seminar-müşavirə keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyəti və Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli yolları” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, sahələrin yandırılmamasının, yolkənarı, meşə ətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.
Digər çıxış edənlər baş verə biləcək yanğınların qarşısının vaxtında alınması üçün birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.
Müşavirə qarşılıqlı diskusiya şəklində davam edib. Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəsmiləri fermerlərin suallarını cavablandırıblar.