Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Xaçmaz rayonuna səfər edib.
Səfər çərçivəsində diplomat Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə görüşüb. Görüşdə qonağa Xaçmazın tarixi, əhalisi, sakinlərinin əsas məşğuliyyəti, rayonun infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib. Elnur Rzayev rayonda aparılan abadlıq, quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik tədbirlərdən danışıb.
Səfir Vada Cuniçi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qarşılıqlı əlaqələrin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Görüş zamanı simvolik olaraq qarşılıqlı hədiyyələr təqdim olunub.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Xaçmaz rayonuna səfəri çərçivəsində “Qafqaz” Konserv Zavodunda olub, istehsal gücü ilə maraqlanıb. Məlumat verilib ki, burada emal olunan şirələr, ət konservləri, müxtəlif tərəvəz və meyvələrdən hazırlanmış yüksək keyfiyyətli konserv məhsulları ölkəmizdən kənarda da yüksək qiymətləndirilir. Rəqabətə davamlı bu məhsullara böyük tələbat vardır.
Yaponiyalı diplomat Xaçmaz rayonunun potensial imkanlarını yüksək qiymətləndirib.