Yaralı hərbçilərin ailələri ziyarət edilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan hərbçilərimizin ailələrini ziyarət edib. İcra başçısı Seyidlər kəndində hərbi qulluqçu, Müşfiq Əhmədovun və Xudat şəhərində əsgər, Anar Seyidovun ailəsinə baş çəkib. Elnur Rzayev hazırda Hərbi Hospitalda müalicə alan hərbçilərin səhhəti ilə maraqlanıb, onlara Allahdan şəfa diləyib.
İcra başçısı video görüntü vasitəsi ilə yaralı hərbçilərlə canlı bağlantı yaradıb. Onların səhhəti ilə bağlı son durumu öyrənib.
Hərbçilərin ailə üzvləri ilə söhbət zamanı sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun göstərdiyi şücayətlərdən danışıblar. Qeyd olunub ki, hərbçilərimiz qəhrəmanlıq nümayiş etdirərək düşmənin layiqli cavabını verib. Görüşdə ailələrin müarciət və təklifləri dinlənilib.
Yaralı hərbçilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Müşfiq Əhmədov 44 günlük Vətən müharibəsnin iştirakçısı olub. O, “Cəsur döyüşçü” , “Füzuli azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Sücaətə görə”, “ Vətən Müharibə iştirakçısı” və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.