Xaçmazda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 fevral 2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Hesabat yığıncağında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ötən dövrdə görülmüş işlər barədə məruzə edərək bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində rayonda yerli istehsalın artırılması, ərzaq bolluğunun yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, ötən dövr ərzində görülmüş işlər nəticəsində rayonda ümumdaxili məhsulun həcmində artım müşahidə olunmuş, kənd təsərrüfatı məhsullarının istehsalında ixrac payı yüksəlmiş, adambaşına düşən məhsul buraxılışının artımı isə əhalinin gəlirlərinin artmasını şərtləndirmişdir. Bundan əlavə, rayonda bir çox sahələr üzrə infrastruktur layihələr də uğurla icra edilib. On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu təmir edilmiş, yeni modul məktəblər istifadəyə verilmiş və bir çox mühüm layihələr həyata keçirilmişdir.
Sonra Quba-Xaçmaz Regional Bölməsinin müdiri Mətləb Cəfərov, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Səyyaf Tağıyev və Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin müdiri Ceyhun Həmidov görülmüş işlər barədə hesabat xarakterli çıxışlar ediblər. Daha sonra Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış edərək, ötən dövrdə əldə olunmuş uğurlar barədə geniş məlumat verib. Sonda Şura İclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli 1725 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli «Əmək» ordeni ilə təltif edilmiş İsayev Qalib Baləhməd oğluna ordeni təqdim ediblər.