Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının geniştərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Xaçmaza gəlib.

10 may 2017 | 16:00

  Nümayəndə heyətinin tərkibində qonşu respublikanın yüksək vəzifəli şəxsləri, o cümlədən Dərbənd Rayon Administrasiyasının rəhbəri Məhəmməd Cəlilov, Xalq Məclisinin üzvləri və digər rəsmi şəxslər yer alıb.
    Şəhərin girəcəyində Heydər Əliyev Seyrəngahında qarşılanan qonaqlar Xaçmazın görməli yerləri ilə yaxından tanış olublar.
Bayraq meydanı, Bayraq muzeyi və Çənlibel parkı ilə tanışlıqdan sonra nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
      Daha sonra qonşu respublikanın nümayəndə heyəti Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə baxıblar.
   Sonra həyatının bir hissəsi Dağıstanla bağlı olan ictimai-siyasi xadim Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Qonaqlar muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və rəsmi sənədlərlə tanış olublar.
    Qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə və Xaçmaz Dövlət Rəsm Qalereyasına baxıblar.
    Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, təhsil ocağında yaradılmış Zərifə Əliyeva Muzeyi ilə tanış olublar.
    Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev Azərbaycan Respublikasının  Prezidenti canab İlham Əliyevin yürütdüyü  xarici siyasətin uğurları barədə tədbir iştirakçılarına məlumat verib. Dərbənd Rayon Administrasiyasının rəhbəri Məhəmməd Cəlilov bildirib ki, Azərbaycan və Dağıstan xalqları zamanın ən çətin sınaqlarına birlikdə sinə gərib, daim bir-birinə dayaq olublar. İctimai-siyasi xadim Əziz Əliyev Dağıstanda rəhbər vəzifədə çalışdığı dövrdə bu əlaqələr daha da dərinləşmiş, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində müasir mərhələdə əməkdaşlıq geniş vüsət almışdır.
   Qeyd edək ki, Dağıstan Respublikasının geniştərkibli nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirlərə qatılması artıq ənənə halını alıb.

Keçidlər