Coğrafi mövqeyi
Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Xaçmaz rayonunun ərazisi 1063 km², Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, Rusiya ilə sərhəddi 14 km təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. Coğrafi baxımdan Xaçmaz rayonunun yerləşdiyi ərazi uca Qafqaz dağları ilə Xəzər dənizinin arasında olan dar keçiddədir. İqlim baxımından yayı quraq, mülayim-isti, qışı isə mülayim-soyuq olmaqla, yağıntılı keçir.İllik yağıntıların miqdarı 300–400 mm-dir. Bol sulu çayları, münbit torpağı, meyvəli meşələri, bağları Xaçmaz rayonunun ərazisində ta qədimdən insanların yaşamasını mümkün etmişdir. Qədim tarixi İpək yolunun üstündə yerləşən, şərqdən qərbə, şimaldan cənuba karvanların axın-axın keçdiyi, səyyahların dolaşdığı, bir çox elmi və tarixi mənbələrdə adı Müşkür mahalı kimi çəkilən bu torpaq müasir Xaçmazın əhatə etdiyi ərazidir. Müşkür toponimi Xaçmaz rayonunun tarixində mühüm yer tutur. Müşkür Ağçayla Samur çayı arasındakı əraziyə deyilmişdir. Eramızdan əvvəl I əsrdə Böyük Hun imperiyası dağıldıqdan sonra Albaniyaya gələn köçəri tayfalar içərisində döyüşkən xalq hesab olunan massagetlər burada məskunlaşmışdır. Bir qrup tədqiqatçılar onların əsasən məskunlaşdıqları Samur və Gilgilçay arasındakı ərazinin tarixi mənbələrdə Mazkut, Məzkət, Müşkür adlandığınıgöstərirlər. Orta əsrl ərdə Şirvanşahlar dövlətinə daxil olan bu ərazidə daha sonralar Quba xanlığı yaranmışdır.
Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və sairədir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və sairə) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var.