Könüllü fəaliyyət
Xaçmaz rayon İcra Hakimiyyətində könüllü fəaliyyət
Xaçmaz rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Azərbaycan Respublikasının Xaçmaz rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Xaçmaz rayon İcra Hakimiyyətində könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
• Azərbaycan Respublikasının Xaçmaz rayon İcra Hakimiyyətinin könüllü fəaliyyətin həyata keçirilməsi;
• Vətəndaşların qarşılanması, müraciətlərə əsasən köməkliyin göstərilməsi;
• Xidmətlər üzrə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
• Müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasında köməkliyin göstərilməsi;
• Əlillərin daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi;
• Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Xaçmaz rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09:00-13:00 – Birinci növbə
• 14:00-18:00 – İkinci növbə
Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Xaçmaz rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı.
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) konulluler@xachmaz-ih.gov.az e-poçtuna göndərə bilər Əlaqə nömrəsi: 02332 5-39-74
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.